Şahmat: Qadınlar Səmərqənddə ilk dəfə uduzdular

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil edilmiş 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, kişilərdən ibarət komandamız 6-cı turda Argentina ilə üz-üzə gəlib.

Görüş yığmamızın 2,5:1,5 hesablı qələbəsi ilə bitib. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçəyə razılaşıblar. Aydın Süleymanlı isə rəqibinə qalib gəlib.

Qadın şahmatçılarımız isə Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzublar. Xədicə Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova rəqibləri ilə bərabərə qalıblar. Günay Məmmədzadə isə məğlub olub.

Bundan əvvəl kişilərdən ibarət komanda Mərakeşi (4:0), Filippini (3:1) və İsveçrəni (3:1) üstələmiş, Çexiya (2:2) və Rumıniya (2:2) ilə heç-heçə etmişdi. Qadınlardan ibarət millimiz isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5), İngiltərə (2,5:1,5) və Serbiya (3:1) üzərində qələbə qazanmışdı.

6 turdan sonra Azərbaycanın kişilərdən ibarət yığması 8 xalla turnir cədvəlində 11-ci, qadınlardan ibarət kollektiv isə 10 xalla 4-cü pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət olacaq. Yarışa sentyabrın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: