Futbol üzrə İsveçrə milli komandasının və İngiltərənin “Sanderlend” klubunun dayaq yarımmüdafiəçisi Qranit Caka yığmadan kənarlaşdırılıb.
Arena.az xəbər verir ki, buna onun COVID-19 peyvəndi ilə bağlı arayışı saxtalaşdırdığını etiraf etməsi səbəb olub.
Bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Caka sosial şəbəkədə paylaşımında həmin dövrdə COVID-19 peyvəndi ilə bağlı ciddi narahatlıq keçirdiyini və vaksinə etimadsızlıq göstərdiyini bildirib. O, həmin qərarın yanlış olduğunu etiraf edib və buna görə təəssüfləndiyini vurğulayıb:
“Bu gün aydın şəkildə görürəm ki, seçdiyim yol yanlış idi. Bu, səhv idi və buna görə təəssüflənirəm. Qərarıma görə məsuliyyəti öz üzərimə götürürəm, hadisənin araşdırılmasında iştirak edir və səlahiyyətli orqanlarla tam əməkdaşlıq edirəm”, – deyə Caka bildirib.
İsveçrə Futbol İttifaqının prezidenti Peter Knabel futbolçunun məsuliyyəti qəbul etməsini müsbət qarşıladıqlarını, lakin komandanın yaxın oyunları onsuz keçirməsinin məqsədəuyğun olduğu qənaətinə gəldiklərini söyləyib:
“Qranitin bu addımı atmasını və nəticələri qəbul etməyə hazır olmasını alqışlayırıq. Eyni zamanda, komanda ilə birlikdə belə qərara gəldik ki, qarşıdakı oyunları onsuz keçirmək daha məqsədəuyğundur. Hazırda əsas məqsədimiz vəziyyəti sakitləşdirmək, diqqətimizi komandaya və UEFA Millətlər Liqasındakı qarşıdakı vəzifələrimizə yönəltməkdir”, – deyə Knabel bildirib.
İsveçrə millisi Millətlər Liqasının növbəti oyununu sentyabrın 26-da səfərdə Şimali Makedoniya yığmasına qarşı keçirəcək.
33 yaşlı Qranit Caka karyerası ərzində İsveçrənin “Bazel”, Almaniyanın “Borussiya” (Mönhenqladbax) və “Bayer” (Leverkuzen), eləcə də İngiltərənin “Arsenal” klublarında çıxış edib.
Yarımmüdafiəçi 2011-ci ildən İsveçrə millisində oynayır. O, yığmanın heyətində 152 matç keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə verib.


