Deku: “Barselona” Xulian Alvares məsələsini artıq geridə qoyub”

“Barselona”nın idman direktoru Deku “Atletiko”nun hücumçusu Xulian Alvaresin baş tutmayan transferindən danışıb.

Arena.az xəbər verir ki, o, bu məsələni artıq geridə qoyduqlarını bildirib:

“Xulian Alvares artıq keçmişdə qalıb. Biz qarşıya baxmalıyıq və əlimizdə olan futbolçulardan razıyıq. Ümid edirəm ki, onun da hər şeyi yaxşıdır və öz klubuna kömək edir”, – deyə Deku bildirib.

Qeyd edək ki, bu yay “Barselona”nın Alvares üçün “Atletiko”ya 100 milyon avro təklif etdiyi açıqlanmışdı. Futbolçunun özü də “Barselona”ya keçmək istəyib. Lakin Madrid klubu transferdən imtina edib.

26 yaşlı Alvares 2024-cü ildən “Atletiko”da çıxış edir. Bundan əvvəl argentinalı hücumçu İngiltərənin “Mançester Siti” klubunda oynayıb. O, bu komandanın heyətində iki dəfə İngiltərə çempionu (2023, 2024), Çempionlar Liqasının (2023), Klublararası dünya çempionatının (2023), İngiltərə Kubokunun (2023), ölkə Super Kubokunun (2024) və UEFA Super Kubokunun (2023) qalibi olub.

Alvares həmçinin Argentinanın “River Pleyt” klubunda çıxış edib və burada ölkə çempionluğu (2021), Libertadores Kuboku (2018), Argentina Kuboku (2019) və Argentina Super Kubokunu (2019) qazanıb.

Argentina millisinin heyətində 59 oyun keçirən Alvares 15 qol vurub və 4 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2022-ci il dünya çempionatının, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, həmçinin 2022-ci ildə Finalissimada qalib olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: