21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 8-ci oyununda Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Masazır Arena”da təşkil edilmiş oyunu İrlandiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma millimiz elə ilk hissədə buraxılmış qolun əvəzini çıxmağı bacarıb. İkinci hissədə başqa qol qeydə alınmayıb və matç heç-heçə bitib.
Xatırladaq ki, U-21 millimiz altı komandanın yer aldığı B qrupunda 7 xalla beşinci pillədə qərarlaşıb. Çexiya isə 15 xalla ikincidir.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti matçlarını sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariq yığmalarına qarşı keçirəcək.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
25 sentyabr
Azərbaycan – Çexiya 1:1
Qollar: Eşqin Əhmədov, 45 – Filip Lissah, 38.
Baş hakim: Aaron O’Dud.
Baş hakimin köməkçiləri: Darra Kiqan, Şeyn Cerrard O’Brayen.
Dördüncü hakim: Pol Norton.
“Masazır Arena”, saat 17:45.
Xallar: Portuqaliya – 19. Çexiya – 15. Şotlandiya – 11. Bolqarıstan – 11. Azərbaycan – 7. Cəbəllüttariq – 0.


