Dani Olmo: “Harri Keynin penaltini qaçırması bizə əlavə enerji verdi”

İspaniya millisinin hücumçusu Dani Olmo UEFA Millətlər Liqasının ilk turunda İngiltərə yığması üzərində qazanılan səfər qələbəsini şərh edib.

Arena.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmada İspaniya İngiltərəni 3:2 hesabı ilə məğlub edib.

Qonaqların heyətində Lamin Yamal, Aleks Baena və Mikel Oyarsabal, meydan sahiblərində isə Entoni Qordon və Harri Keyn fərqləniblər. Keyn ikinci hissənin əvvəlində penaltidən yararlana bilməyib.

Olmo bildirib ki, İspaniya oyunun böyük hissəsində üstün çıxış edib, lakin bir neçə dəqiqəlik diqqətsizlik komandanı çətin vəziyyətə salıb:

“Oyunun gedişində daha yaxşı görünürdük. İlk hissəyə əla başladıq, topa nəzarət etdik, fəal oynadıq və bir neçə qol vəziyyəti yaratdıq. Lakin daha sonra bir neçə dəqiqə ərzində konsentrasiyamızı itirdik. Belə rəqiblərə qarşı buna yol vermək olmaz. Onların çox yüksək səviyyəli futbolçuları var və iki qol vurdular.

Penaltinin qaçırılması? Bu, bizə əlavə enerji verdi. Əgər Keyn penaltini dəqiq yerinə yetirsəydi, bizim üçün çətin olardı. Amma o, zərbəni dəqiq yerinə yetirə bilmədi və bu, bizə təzyiqi davam etdirmək və oyunumuzu sürdürmək üçün əlavə güc verdi. Nəticədə uğura məhz belə nail olduq”, – deyə Dani Olmo UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: