Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa milli komandanın hücumçusu və kapitanı Kristiano Ronaldo ilə görüş keçirib.
Arena.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Xəbərdə vurğulanır ki, federasiya rəhbəri futbolçu ilə baş məşqçi Jorje Jezus arasındakı fikir ayrılığını aradan qaldırıb.
Məlumata görə, Ronaldo Norveçlə oyunda meydana buraxılmamasından narazı qalıb və qarşılaşmadan sonra komandanın məşqində iştirak etməyib. Bundan sonra Proensa millinin Mölmödəki düşərgəsinə gedərək Ronaldo və Jezusla birgə görüş keçirib. Görüşün tərəflər arasında yaranmış anlaşılmazlığın aradan qaldırılmasına kömək etdiyi bildirilir.
Qeyd edək ki, Portuqaliya sentyabrın 27-də UEFA Millətlər Liqasının səfər oyununda Norveçə 2:1 hesabı ilə qalib gəlib. Ronaldo görüşü ehtiyat oyunçular skamyasında keçirib. “A Bola”nın məlumatına görə, futbolçunun ikinci hissədə meydana çıxması ilə bağlı baş məşqçi ilə razılaşması olub. Lakin oyundan sonra Jezus Ronaldodan istifadə etməmək qərarını şəxsən özünün verdiyini açıqlayıb.
41 yaşlı Kristiano Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçudur.
Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, karyerası ərzində həmçinin “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinib.
Portuqaliyalı hücumçunun karyerasında 979 qol var. Onlardan 146-sı milli komandanın, 833-ü isə klub səviyyəsində vurulub.
Portuqaliya növbəti oyununu oktyabrın 1-də Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə Danimarkaya qarşı keçirəcək.


