Azərbaycan Basketbol Liqasının (ABL) 2026/2027-ci illər mövsümünün 1-ci və 2-ci turları çərçivəsində keçirilməli olan iki oyun təxirə salınıb.
Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, 1-ci turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan “Naxçıvan” – “Neftçi” qarşılaşması baş tutmayacaq.
Buna səbəb “Neftçi”nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsi çərçivəsində Yunanıstanda “Mikonos”la qarşılaşmasının olmasıdır.
Bundan başqa, ABL-in 2-ci turunun “Gəncə” – “Sabah” oyunu da təxirə salınıb. Hansı ki, bu komandalar da Azərbaycanı avrokuboklarda təmsil edəcəklər.
Qarşılaşmaların yeni tarixləri barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında 2026/2027-ci illər mövsümünə ötən gecə keçirilmiş “LANDAU Lions” – “Sabah” oyunu ilə start verilib. Qarşılaşma son çempion “Sabah”ın 84:74 hesablı qələbəsi ilə başa çatıb.


