Futbol üzrə Albaniya milli komandasının hücumameyilli yarımmüdafiəçisi Endri Çekiçi bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Albaniyalı futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. 29 yaşlı yarımmüdafiəçi yeni klubuna azad agent kimi qoşulub.
Endri Çekiçi Albaniyanın “Poqradeçi” klubunun yetirməsidir. O, karyerası ərzində “Teuta”, “Dinamo” (Zaqreb), “Lokomotiva” (Zaqreb), “Olimpiya” (Lyublyana), “Konyaspor”, “Ankaragücü”, “Pendikspor”, “Adanaspor”, “Beluizdad” kimi klublarda da çıxış edib. Onun sonuncu iş yeri İraqın “Saxo” klubu olub. Yarımmüdafiəçi bu ilin yayında “Zaxo”dan ayrılandan bəri azad agent idi.
Albaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Çekiçi 2020-ci ildə əsas millidə debüt edib. O, Albaniya millisinin heyətində meydana çıxdığı 11 oyunda 1 qol vurub.


