“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Premyer Liqanın digər təmsilçisi “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Azərsun Arena”da baş tutmuş görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra bunları söyləyib:
“Pis oyun alınmadı. İstərdik ki, bəzi futbolçularımız da burda olsun, bəzi oyunçularımız da sonadək oynasınlar. Amma müəyyən səbəblərə görə bir az çatışmazlıq oldu. Komandaya lazım olan yükləməni verdik. Hazırlığımızı bu oyunla tamamladıq. Temp və mübarizənin olduğu maraqlı oyun alındı. 50-60 dəqiqə çempionat matçından fərqlənmədi. Ümumilikdə, tam razı qaldım”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyəti barədə bunları dilə gətirib:
“Fikrimcə, hər iki komandanın futbolçuları meydanda istəkli idilər. Ən vacib olan hazırda ayın 10-da “Şamaxı” ilə oyuna hazır olmaqdır. Demək olar ki, bu gün hazırlığımızı tamamladıq. Bundan sonra oyun həftəsinə girəcəyik. Ümid edirəm ki, həmin matçda istədiyimiz oyunu nümayiş etdirib nəticə qazanacağıq”.


