Sergey Şişenko Renat Dadaşovdan danışdı

Ukraynanın “Bukovina” komandasının baş məşqçisi Sergey Şişenko Premyer Liqa klubunun yeni transferi Renat Dadaşov barədə danışıb.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis yerli mətbuata müsahibəsində bildirib ki, Çernovtsı təmsilçisi transfer dönəmində hücumçu axtararkən Dadaşov üzərində dayanıb.

Onun sözlərinə görə, 31 yaşlı forvard komandanın oyun sisteminə uyğun gəlir:

“Bu, əsl hücumçudur, klassik “9 nömrə”dir. Yüksək oyun səviyyəsinə və meydanda nə etdiyini yaxşı anlama qabiliyyətinə malik futbolçudur. Onun mənim tələblərimə asanlıqla uyğunlaşacağı görünürdü”, – deyə Şişenko bildirib.

Baş məşqçi Dadaşovun kifayət qədər təcrübəli hücumçu olduğunu vurğulayıb. O qeyd edib ki, azərbaycanlı futbolçu Almaniya və Türkiyədə, həmçinin Azərbaycan millisində yüksək səviyyədə çıxış edib:

“Düşünürəm ki, o, bizə fayda verəcək. Təbii ki, Renata uyğunlaşmaq, fiziki hazırlığını yaxşılaşdırmaq və bizim oyunumuzu daha yaxşı anlamaq lazımdır”, – deyə mütəxəssis əlavə edib.

Sergey Şişenko Dadaşovun komandaya uyğunlaşmasının yaxşı getdiyini də bildirib. Onun sözlərinə görə, futbolçu “Bukinov”un oyunlarını əvvəlcədən izləyib və ilk məşqlərdən etibarən meydanda nə etməli olduğunu yaxşı anlayıb:

“Biz onunla söhbət etdik və gördüm ki, tələblərimi yaxşı başa düşür”, – deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, Renat Dadaşov “Bukovina”ya bu yay qoşulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: