AFFA UEFA-nın FIFA ilə bağlı islahat çağırışını dəstəkləmədi

AFFA UEFA-nın FİFA rəhbərliyində islahatların aparılması ilə bağlı çağırışını dəstəkləməyən yeganə üzv assosiasiya olub.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi açıqlamasında bildirilib.

UEFA-nın 55 milli assosiasiyası arasında yalnız AFFA qurumun FİFA-da idarəçilik islahatları ilə bağlı mövqeyinə qoşulmayıb.

UEFA və digər milli federasiyalar FİFA-nın hazırkı rəhbərliyinə etimadın itdiyini bildirərək təşkilatda institusional dəyişikliklərlə yanaşı, yeni rəhbərliyə ehtiyac olduğunu vurğulayıblar. Onların fikrincə, yeni rəhbər futbol dünyasında etimad qazana bilən, islahatlara, dürüstlüyə və müstəqilliyə sadiq lider olmalıdır.

Xatırladaq ki, FİFA prezidenti Canni İnfantino 2016-cı ildən bu vəzifədədir. O, növbəti seçkilərdə də iştirak etmək niyyətindədir. FİFA prezident seçkisinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır.

UEFA-nın FİFA ilə münasibətlərində gərginlik bu ilin yayında, FİFA-nın Dünya Kuboku və digər yarışlardakı hüquqların bir hissəsinin özəl investorlara verilməsi planından sonra daha da artmışdı. FİFA sonradan “FIFA Forward Enterprise” layihəsindən imtina edib. Amma bu, qurum əleyhinə narazılıqların qarşısını azaltmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: