Asensio: “Ançelotti mənim üçün məşqçidən daha artığı idi”

“Real”ın müdafiəçisi Raul Asensio komandanın sabiq baş məşqçisi Karlo Ançelotti ilə birgə çalışdığı dövrü xoş xatirələrlə yad edib.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu italiyalı mütəxəssisin onun əsas komandaya yüksəlməsində və kollektivə uyğunlaşmasında mühüm rol oynadığını bildirib.

“Karlo möhtəşəm insandır. Mənim üçün o, sadəcə baş məşqçidən daha artığı idi. Çətin bir məqamda məni himayəsi altına alan, bacarığıma qeyd-şərtsiz inanan və bir gün mənə “Sən bizimlə qalırsan” deyən məhz Ançelotti oldu.

Həmin xatirələri həmişə böyük sevgi ilə qoruyacağam və ona ömrümün sonunadək minnətdar olacağam”, – deyə Asensio İspaniyanın “AS” nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, Raul Asensio “Real”ın yetirməsidir. Müdafiəçi Madrid təmsilçisinin əsas komandasında debütünü məhz Karlo Ançelottinin rəhbərliyi altında edib.

Asensio müdafiə xəttindəki ciddi zədələr və kadr çatışmazlığı fonunda yaranan fürsətdən yararlanaraq əsas komandada möhkəmlənməyi bacarıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: