İspaniya millisinin sabiq yarımmüdafiəçisi David Silva ən nüfuzlu fərdi mükafat olan “Qızıl top”a kimin layiq olduğu barədə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Silva bu barədə nüfuzlu “Footmercato” nəşrinə danışıb.
Əfsanəvi futbolçu mükafatı həmyerlisi, PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisə vermək istədiyini bildirib:
“Fikrimcə, bu miqyasda olan istənilən fərdi mükafat ilk növbədə kollektiv işin keyfiyyətinin birbaşa nəticəsidir. Komanda uğurları və böyük turnirlərdə qazanılan qələbələr olmadan belə mükafatlar mənasını itirir. Ancaq elə indi “Qızıl top”u şəxsən təqdim etmək imkanım olsaydı, heç şübhəsiz, onu Fabiana verərdim.
O, son iki mövsümdə xeyli sayda titul qazanıb. Üstəlik, Fabian sadəcə komandanın bir üzvü olmayıb, həm PSJ-nin taktiki sistemində, həm də İspaniya millisində əsas və həlledici fiqurlardan birinə çevrilib. O, meydanda da çox böyük oyun vaxtı keçirib”, – deyə David Silva bildirib.


