Kimmix qohumunun vəfatı ilə əlaqədar ÇL matçını buraxacaq

“Bayern”in yarımmüdafiəçisi Yozua Kimmix yaxın qohumunun vəfatı ilə əlaqədar Çempionlar Liqasının növbəti oyununda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

“Kimmix yaxın ailə üzvünün vəfatı ilə əlaqədar bu gün İngiltərənin “Arsenal” klubuna qarşı matçın iştirak ərizəsinə daxil edilməyib. Ailənin adından onların şəxsi həyatına və yaşadıqları kədərə hörmətlə yanaşılmasını, əlavə araşdırmalardan və mediada mövzunun işıqlandırılmasından çəkinilməsini xahiş edirik. “Bayern” Coşuanın dərdinə şərik olur və ona başsağlığı verir”, – klubun bəyanatında bildirilib.

“Bild” nəşrinin məlumatına görə, futbolçunun 57 yaşlı atası vəfat edib.

31 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Bayern”in heyətində keçirdiyi 10 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Münhen klubunun heyətində 2020-ci ildə Çempionlar Liqasının qalibi olub. Kimmixin həmçinin Almaniya çempionatında 10, ölkə kubokunda isə 4 çempionluğu var.

Qeyd edək ki, “Bayern” bu gün, oktyabrın 21-də Münhendə “Arsenal”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: