Lionel Messi “Barselona”lı günlərini xatırladı

ABŞ klubu “İnter Mayami”nin argentinalı kapitanı Lionel Messi karyerası və “Barselona”da keçirdiyi illərlə bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Qızıl top”un səkkizqat sahibi bu barədə “Diario La Capital” nəşrinə müsahibəsində danışıb:

“Məni məqsədləri və arzuları uğrunda daim mübarizə aparan böyük idmançı kimi xatırlamalarını istərdim. Bəzən istədiklərimə nail olmuşam, bəzən isə yox. Amma heç vaxt dayanmadım”, – deyə Messi bildirib.

39 yaşlı hücumçu “Barselona”da keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb. Argentinalı futbolçu Kataloniya klubunda qazandıqları uğurlardan əlavə, gündəlik məşqlərdən və komanda ilə keçirdiyi vaxtdan da böyük zövq aldığını söyləyib:

“Biz hər şeyi qazanmaq və bunu özünəməxsus, xüsusi şəkildə etmək xoşbəxtliyini yaşadıq. Oyundan, qələbələrdən və mühüm hədəflərə çatmaqdan həqiqətən zövq alırdıq. Amma ən çox gündəlik işimizdən, məşqlərdən həzz alırdıq. Orada çox gözəl vaxt keçirirdik. Üç övladım da həmin şəhərdə dünyaya gəlib. Buna görə həm şəhərə, həm də kluba qarşı çox xüsusi hisslərim var”.

Xatırladaq ki, Messi 2004–2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib. Kataloniya təmsilçisinin heyətində 35 titul qazanan argentinalı futbolçu dörd dəfə UEFA Çempionlar Liqasının, 10 dəfə İspaniya La Liqasının qalibi olub.

Messi 2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. Argentina millisinin kapitanı 2022-ci ildə dünya çempionu, 2008-ci ildə Olimpiya çempionu olub, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb. O, səkkiz “Qızıl top” mükafatı ilə bu göstərici üzrə rekordçudur.

Qeyd edək ki, Lionel Messi 2026-cı il üçün İdman sahəsində Asturiya Şahzadəsi mükafatına layiq görülüb. Mükafatlandırma mərasimində futbolçuya məşhur ispan rəssamı Xoan Mironun əsəri əsasında hazırlanmış xatirə heykəli, fəxri diplom və 50 min avro məbləğində pul mükafatı təqdim olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: