Azərbaycan millisinin üzvü Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, dünya çempionatı bu gün başa çatıb.
Yarışın sonuncu günündə sərbəst güləş üzrə 57, 74, 79 və 92 kq-da medalçılar müəyyənləşib.
İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabıyla məğlub olub.
Turan Bayramov (74 kq) təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya yüksəlib. Güləşçimiz əvvəlcə kosovolu Eqzon Xonini 7:0 hesabıyla, ardınca isə tacikistanlı Viktor Rassadini xalların keyfiyyətinə görə (2:2) üstələyib. Lakin bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyagiylə bacarmayıb – 0:11.
Cəbrayıl Hacıyev (79 kq) üçüncü yer uğrunda qarşılaşmada Belarusun olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabla uduzub.
Ali Tsokayev (92 kq) debüt etdiyi dünya çempionatını bürünc medalla başa vurub. Güləşçimiz iranlı dünya mükafatçısı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.


