“Neftçi” əsrin rekorduna imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün lideri “Neftçi” indiyə qədər keçirdiyi 10 qarşılaşmada 25 qol vurub.

Arena.az xəbər verir ki, bu məhsuldarlıq “ağ-qaralar” üçün XXI əsrin rekordudur.

Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/2001-ci illər mövsümünün müvafiq dövründə 28 qol vurub. Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atmış “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də bu paytaxt klubuna məxsusdur. Bakı təmsilçisi 1996/1997-ci illər mövsümünün startında 10 oyunda 42 qola sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: