“Qarabağ” klubunun ümumilikdə 15 futbolçusu bu ilin noyabr ayında milli komandaların oyunlarında iştirak etmək üçün dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, “Qarabağ”ın 7 legioneri müxtəlif ölkələrin əsas yığmalarının düşərgəsinə yollanıb. Bunlar Marko Yankoviç (Monteneqro), Bense Varkonyi (Macarıstan), Martin Zlomisliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka), Bruno Lanqa (Mozambik), Reda Xadra (Livan) və karyerasında ilk dəfə Ukraynanın əsas millisinə çağırılmış Aleksey Kaşukdur.
Ağdam klubunun azərbaycanlı oyunçularından Bədavi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev əsas yığmamıza dəvət olunublar. Gənc futbolçulardan Teymur Həsənov U-21 millimizin, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı isə U-20 yığmamızın şərəfini qoruyacaqlar.
Xatırladaq ki, Azərbaycan millisi noyabrda iki qarşılaşma keçirəcək. Yığmamız UEFA Millətlər Liqasında noyabrın 11-də səfərdə Lixtenşteynlə üz-üzə gələcək. Noyabrın 16-da isə Andorra yığması ilə yoxlama görüşü baş tutacaq.


