Ali Maher – Misir millisinin yeni baş məşqçisi!

Hazırda “Kleopatra”ya rəhbərlik edən Ali Maher Hossam Hassanın istefaya göndərilməsindən sonra Misir millisinə baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyası məlumat yayıb.

Hossam Hassan rəhbərliyin qərarı ilə vəzifəsindən ayrılıb. Onun yerinə 52 yaşlı Ali Maher baş məşqçi təyin olunub.

Assosiasiyanın direktorlar şurasının şənbə günü keçirilmiş iclasında qəbul edilən qərarla Hossam Hassana və onun məşqçi-inzibati heyətinə fəaliyyətlərinə görə təşəkkür edilib.

Xatırladaq ki, Hossam Hassan 2024-cü ilin fevralından Misir millisinin baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və tarixində ilk dəfə mundialda qrup mərhələsini keçərək 1/8 finala yüksəlib. Misir yığması, həmçinin 2025-ci il Afrika Millətlər Kubokunda dördüncü yeri tutub.

Futbolçu kimi “Əl-Əhli” və Misir millisinin formasını geyinmiş Ali Maher məşqçilik karyerasında Misir Liqa Kubokunu iki dəfə qazanıb. 2025-ci ildən “Kleopatra”nı çalışdıran mütəxəssis əvvəllər “Əl-Məsri”, “Future”, ENPPİ, “Smuha” və “Əl-Assiuti” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: