Ayxan Abbasov: “İli bir məğlubiyyətlə bitirməyimiz yaxşı haldır”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edub.

Arena.az xəbər verir ki, Andorrada baş tutmuş bu görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Yoxlama görüşü olsa belə, bu gün qalib gəlmək istəyirdik. İkinci məqam Emin Mahmudovun millidə son oyununa çıxması idi. Onun milli karyerasını yaxşı əhval-ruhiyyə ilə bitirməsini istəyirdik. Sevindirici hallar çox oldu. Bu gün gənclərə görə çox sevindim. Milli komandada özlərini yaxşı tərəfdən göstərə bildilər. Qrup mərhələsində az qol vurmuşduq, epizodları qaçırmışdıq. Bu oyunda 3 qol vura bildik. Yenə də yaxşı epizodlar oldu, onlar da qol ola bilərdi. Vaxt lazımdır. Oyundan-oyuna istədiyimiz oyuna yaxınlaşa bilirik, amma bundan da yaxşı ola bilərik. 2026-cı ildə bir məğlubiyyətimiz oldu. Bu, yaxşı haldır. Qrup mərhələsində bir qol buraxmışdıq. Komanda olaraq bunların üzərində çalışmalıyıq ki, sabah daha üst komandalarla qarşılaşanda hazırlıqlı olaq. Hər kəsə çox sağ ol dedim. Oyunun sonunda Abdulla Xaybullayev zədələndi, 10 nəfərlə qalmaq ehtimalımız var idi, çünki əvəzetmə bitmişdi. Amma israrla oyuna girmək istədi. Bunlar məni sevindirir. Komandada xarakterli futbolçular daha çoxalıb”.

“İndi futbolçular milli formanın dəyərini, məsuliyyətini çox yaxşı hiss edirlər”

Ayxan Abbasov millidə ilk oyununa çıxmış Eşqin Əhmədovun ilk oyununda erkən qol vurmasına da toxunub:

“Eşqinə görə sevinirəm. U-21 millimizdə oynayan futbolçudur və ən əsas odur ki, “Qəbələ”də daimi çıxış edir. Bu gün “Qəbələ”ni təbrik etmək lazımdır ki, yerli gənc futbolçulara şans verirlər. Çünki bu futbolçuları qazanmalıyıq. Uzun müddətdir gileylənirdik ki, sağ cinahda istədiyimiz oyunçular azdır. Məncə, rəqabət çoxalıb. Eşqin də bu “mən varam” dedi. İnanıram ki, növbəti təlim-məşq toplanışlarında da belə formada olacaq və millidə əsas heyət oyunçularından birinə çevriləcək”.

Ayxan Abbasov bu qələbədə erkən qolun əhəmiyyətindən də danışıb:

“Əlbəttə, erkən qol vuranda daha rahat olursan, amma birinci hissədə qoldan sonra da yaxşı epizodlarımız oldu. Bəzi futbolçular ideal formasında deyil, çünki klublarında az oynayırlar. Bu da görünür. İkinci hissənin sonlarında daha çox epizoda girdik. Rəqibin də epizodları oldu. Maraqlı, sürətli oyun oldu. Burada oynamaq da çətindir. Futbolçular yüksəklikdə boğulmaqdan şikayət edirlər, təngnəfəslik olur. Əsas odur ki, Xaybullayevin zədəsi ciddi olmasın. Hər kəs sağlam qayıtsın klubuna.

Bu gün özümüzə uyğun rəqiblərlə üst səviyyədə oynaya bilirik. Burada nüanslar var. O nüanslardan biri qol vəziyyətlərini yaxşı dəyərləndirə bilməməyimizdir. Amma hazırlıqlara cari ilin martında başlamışdıq. Bütün oyunlarda rəqiblərlə ən azı baş-başa oynadıq. Litva ilə qarşılaşmada geri qalmadıq, bəzi epizodlarda üstün olduq. Bu gün futbolçular milli formanın dəyərini, məsuliyyətini çox yaxşı hiss edirlər. Haradansa başlamalıydıq. Məncə, bunu davam etdirmək lazımdır. İndi aşağı yox, yuxarı getmək lazımdır. Çünki ən aşağıya düşmüşdük. İndi isə yavaş-yavaş yuxarı qalxmaq lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: