Futbol üzrə Almaniya çempionu “Bayern”in müdafiəçisi Alfonso Deyvis Kanada milli komandasının heyətində zədələnib.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda Qvatemala ilə qarşılaşmada sıradan çıxıb.
Kanadanın 3:2 hesablı qələbəsi ilə başa çatan görüşün cəmi 5-ci dəqiqəsində Deyvis öz cərimə meydançasında sürüşüb. O, ayağa qalxaraq rəqibin zərbəsinin qarşısını almağa çalışsa da, narahatlıq hiss etdikdən sonra davam edə bilməyəcəyini məşqçilər korpusuna bildirib. Futbolçu 6-cı dəqiqədə əvəzlənib.
İlkin müayinədən sonra Kanada Futbol Federasiyası Deyvisdə aşağı bədən nahiyəsində yüngül əzələ zədəsi aşkarlanması barədə məlumat yayıb. Futbolçu müalicəsini davam etdirmək üçün Almaniyaya qayıdıb.
“Bayern”in tibbi heyətinin apardığı əlavə müayinə isə zədənin sol budun arxa əzələsində kiçik cırıq olduğunu müəyyənləşdirib. Almaniya klubu Deyvisin hazırda bir müddət komandadan kənarda qalacağını açıqlayıb. Onun yaşıl meydanlara qayıdacağı tarix hələ müəyyənləşdirilməyib.
Alfonso Deyvis bu səbəbdən Kanada millisinin Qvatemala ilə noyabrın 16-da keçirəcəyi cavab qarşılaşmasında da iştirak etməyib.
Bu zədə kanadalı futbolçu üçün xüsusilə üzücü olub. Çünki o, 2025-ci ilin martında ön çarpaz bağlarının (ACL) ciddi zədələnməsindən sonra uzun müddət müalicə alıb. O, 600 gündən sonra ilk dəfə Kanada millisinin start heyətində meydana çıxmışdı. Deyvis həmçinin 2026-cı il dünya çempionatında zədə səbəbindən yalnız bir oyunda meydana çıxmışdı.
Bununla belə, hazırkı zədənin əvvəlki ACL probleminin təkrarlanması olmadığı təsdiqlənib.
Deyvis cari mövsümdə “Bayern”in heyətində 15 oyunda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


