İspaniyanın tanınmış qapıçısı, “Real”ın yetirməsi olan Antonio Adan 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, “Real” akademiyasının yetirməsi olan qapıçı qərarını sosial şəbəkə hesabında paylaşdığı vida müraciəti ilə elan edib:
“Uşaqlıqda arzuladığım hər şeyi yaşamaq mənə nəsib oldu. Qalib gəldim, məğlub oldum, ağladım və sevindim, amma ən əsası öyrəndim. Mənə bu şansı verən hər kəsə təşəkkür edirəm”, – Adan yazıb.
Adan “Real”ın əsas komandasında debütünü 2010-cu ildə edib. O, 2012-ci ilin dekabrında klubun baş məşqçisi Joze Mourinyo ilə uzun illər komandanın əsas qapıçısı olmuş İker Kasilyas arasındakı gərginlik fonunda əsas heyətdə yer alması ilə geniş diqqət çəkib.
İspaniyalı qapıçı həmin mövsüm La Liqada “Malaqa” (2:3) və “Real Sosyedad”a (4:3) qarşı ardıcıl iki oyunda start heyətində meydana çıxıb. Daha sonra “Real” Dieqo Lopeslə müqavilə imzalayıb və o, əsas qapıçıya çevrilib.
Adan 2013-cü ildə Madrid klubundan ayrıldıqdan sonra İtaliyanın “Kalyari”, İspaniyanın “Betis” və “Atletiko”, Portuqaliyanın “Sportinq” klublarında çıxış edib. Onun karyerasındakı son dayanacaq İranın “İstiqlal” klubu olub. Qapıçı 2025/2026-cı illər mövsümündə bu komandanın formasını geyinib.
Antonio Adan peşəkar karyerası ərzində ümumilikdə 11 komanda titulu qazanıb. Onların arasında “Real”la İspaniya çempionluğu, həmçinin “Sportinq”lə iki dəfə Portuqaliya çempionluğu da yer alır.
Beləliklə, 39 yaşlı qapıçı 20 ildən artıq davam edən peşəkar futbol karyerasına yekun vurub.


