“Gəncə” Yunanıstanda minimal hesabla məğlub oldu

Azərbaycanın “Gəncə” basketbol komandası FİBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi komanda turnirin C qrupunda 7-ci tur çərçivəsində Yunanıstanda “Kolossos”un qonağı olub.

Falirakidəki “Kalliteya” zalında keçirilmiş qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 79:78.

İlk hissədə “Kolossos” 44:43 hesabı ilə üstün olub. Üçüncü periodda qonaqlar 21:17 hesablı üstünlük əldə edərək son hissəyə 64:61 öndə başlayıblar. Lakin yunanıstanlılar son periodda 18:14 hesablı qələbə qazanaraq matçın taleyini xeyrinə dəyişiblər.

FİBA Avropa Kuboku
C qrupu, 7-ci tur
18 noyabr

“Kolossos” (Yunanıstan) – “Gəncə” (Azərbaycan) – 79:78 (22:19, 22:24, 17:21, 18:14)

Azərbaycan klubunun heyətində ən məhsuldar basketbolçu 25 xal toplamış Kobe Meji olub. Xavyer Rouds və Montavius Merfi 14, Donovan Donaldson 11, Bakari Kamara 8, Latavius Cey Mitçell isə 6 xalla yadda qalıblar.

Bu məğlubiyyətdən sonra “Gəncə”nin hesabında 7 xal var və komanda C qrupunda sonuncu pillədə qərarlaşıb.

Qrupda “Esenlər Erokspor” 14 xalla liderdir. “Kolossos” 12 xalla ikinci, “Sportinq” və “Rilski Sportist” 9 xalla üçüncü-dördüncü, “Universitatya” isə 8 xalla beşincidir.

Azərbaycan təmsilçisi daha əvvəl “Esenler Erokspor”a səfərdə 63:92, evdə 66:97, “Kolossos”a evdə 62:80, “Universitatya”ya səfərdə 96:105 hesabı ilə məğlub olub. Komandamız yalnız “Sportinq” üzərində evdə 69:67 hesablı qələbə qazanıb. “Rilski Sportist”lə oyunda isə “Gəncə”yə 0:20 hesablı texniki məğlubiyyət verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: