Azərbaycanın “Neftçi” basketbol komandası bu gün FİBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Kostas Vasiadisinin rəhbərlik etdiyi komanda turnirin H qrupunda 7-ci tur çərçivəsində Latviyada VEF-in qonağı olub.
Riqadakı “Team Sports Hall”da keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 96:55.
VEF oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alıb. Latviya təmsilçisi həm ilk, həm də ikinci periodu 27:12 hesabı ilə qazanaraq fasiləyə 54:24 öndə yollanıb. Üçüncü periodda 23:17, son hissədə isə 19:14 hesablı üstünlük əldə edən meydan sahibləri yekunda 41 xal fərqi ilə qalib gəlib.
FİBA Avropa Kuboku
H qrupu, 7-ci tur
18 noyabr
VEF (Latviya) – “Neftçi” (Azərbaycan) 96:55 (27:12, 27:12, 23:17, 19:14)
Azərbaycan təmsilçisinin heyətində ən məhsuldar basketbolçu 11 xal toplamış Cared Kemeron Robinson olub. Aleksa Stepanoviç 10, Derin Berköz 8, Miliç Starovlah və Zəkəriyyə Hiks 6, Ulaş Turqut və Nicat Nəsirov 5, Ramazan Qarayev və Şakel Prayz isə 2 xalla yadda qalıblar.
Bu məğlubiyyətdən sonra “ağ-qaralar”ın hesabında 8 xal var və komanda H qrupunda 6-cı pillədə qərarlaşıb.
VEF və Yunanıstanın “Mikonos” klomandası 12 xalla qrupun ilk iki pilləsini bölüşürlər. Rumıniyanın “Oradya” klubu 10 xalla üçüncü, “Lokomotiv” (Plovdiv) və “Friburq Olimpik” isə 9 xalla dördüncü-beşinci yerlərdədir.
Xatırladaq ki, “Neftçi” turnirdə daha əvvəl “Mikonos”a səfərdə 58:78 hesabı ilə uduzub, evdə isə 84:80 hesabı ilə qalib gəlib. Bakı təmsilçisi VEF-ə evdə 94:110, “Friburq Olimpik”ə səfərdə 73:78, “Oradya”ya evdə 83:99 və “Lokomotiv”ə səfərdə 72:76 hesabı ilə məğlub olub.


