Futbol üzrə Belçika milli komandasının da üzvü olan qapıçı Tibo Kurtua İspaniya nəhəngi “Real” (Madrid) ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, İspaniya klubu 34 yaşlı qapıçı ilə yeni müqavilənin müddətinin 30 iyun 2028-ci ilə qədər uzadıldığını açıqlayıb.
Kurtua 2018-ci ilin yayından “Real”ın formasını geyinir. Belçikalı qapıçı Madrid klubunun heyətində 3 dəfə İspaniya çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.
Onun “Real”la qazandığı digər titullar arasında 3 İspaniya Super Kuboku, İspaniya Kral Kuboku, Klublararası Dünya Kuboku və Qitələrarası Kubok da var.
Tibo Kurtua karyerası ərzində Belçikanın “Genk”, İngiltərənin “Çelsi” və İspaniyanın “Atletiko” klublarında da çıxış edib.
Qapıçı 2022-ci ildə dünyanın ən yaxşı qapıçısına təqdim olunan Lev Yaşin mükafatına layiq görülüb.
Kurtua Belçika millisinin heyətində də mühüm uğurlara imza atıb. O, 2018-ci il dünya çempionatında Belçika ilə bürünc medal qazanıb və turnirin ən yaxşı qapıçısı seçilib.
Belçikalı qolkiper son dövrdə milli komandadakı gələcəyi ilə bağlı da açıqlama verib. Kurtua milli karyerasını müvəqqəti dayandırdığını, lakin 2028-ci il Avropa çempionatının seçmə mərhələsi üçün Belçika yığmasına qayıda biləcəyini bildirib.


