“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Dambaruskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında əvvəlcə rəqib futbolçunun ilk hissədə aldığı qırmızı vərəqənin oyunun nəticəsinə təsiri barədə danışıb:
“Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. “Sumqayıt” 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir”.
Litvalı mütəxəssis gənc futbolçu Xəyal Əliyevin çıxışını da dəyərləndirib:
“Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək məni fərəhləndirir”.
Dambrauskas beş gün sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində İspaniya çempionu “Barselona”ya qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb:
“Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.
“Futbolçularımı məyus görəndə çox pis oldum”
“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido isə qırmızı vərəqədən sonra rəqiblə mübarizə aparmağın çətin olduğunu bildirib:
“Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynamaq çətin idi. 90 dəqiqə ərzində 11 nəfərlə oynasaydıq, bəlkə də fərqli nəticə ola bilərdi. Qırmızı vərəqədən sonra bizim üçün çox çətin oldu. Komandamın ilk 15 dəqiqədə yaxşı oynadığını düşünürəm. Topa sahib ola, şanslar yarada bilirdik. “Sabah” ardıcıl beş oyunda qələbə qazana bilməmişdi. Bilirdik ki, bu gün qələbə qazanmaq üçün böyük enerji sərf edəcəklər. Hər şey bizə aydın idi. İlk 5 dəqiqədə biz üstün oynadıq. Daha sonra rəqib təşəbbüsə yiyələndi. Qapımıza ilk zərbədə qol vurdular. Qoldan sonra komandam yaxşı reaksiya verdi.
Qırmızı vərəqədən sonra “Sabah”a qarşı mübarizə aparmaq çox çətin idi. Məyusuq. Çalışırdıq ki, heç olmasa ilk yarını heç-heçə ilə başa vuraq. O da alınmadı. Fasilədə oyunçularıma dedim ki, təslim olmaq olmaz. Rəqibin çox keyfiyyətli oyunçuları var. Yaxşı şanslar əldə etdilər və bu nəticə qeydə alındı”.
Kandido qırmızı vərəqə ilə nəticələnən epizoda da münasibət bildirib. O, komandasının qarşılaşmada iki ciddi səhvə yol verdiyini vurğulayıb:
“Oyun ərzində iki böyük səhvimiz oldu. Birincisi odur ki, autdan topu rəqibə verdik və qol vurdular. İkinci isə Blekin vəziyyətini deyərdim. Futbolçu sarı vərəqəsinin olduğunu unutmamalıdır, daha ehtiyatlı olmalıdır. Bəlkə də rəqibin qol vurmağı yaxşıdır, nəinki belə qırmızı vərəqə almaq. Hakimin qərarına gəldikdə isə hələ epizodun təkrarına baxmamışam. İstənilən halda məyusedici haldır. O, mərkəzdə bizim üçün çox vacib oyunçudur. Komandamızın mövsümdə ilk qırmızı vərəqəsi idi”.
Baş məşqçi stadiondakı atmosferdən razı qaldığını, lakin azarkeşlərə qələbə bəxş edə bilmədikləri üçün məyus olduğunu söyləyib:
“Stadion və atmosfer möhtəşəm idi. Nəticəyə görə məyusam. Belə arenada meydana çıxmaq çox yaxşıdır. Azarkeşlərimizə yaxşı nəticə bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı. Futbolçularımı məyus görəndə çox pis oldum. Bu stadion və azarkeşlər üçün daha yaxşısını etməyə gücümüz var”.


