İtaliyanın “Sampdoriya” klubu Azərbaycan milli komandasının da üzvü olan hücumçusu Lorenso Mezzotero ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, 18 yaşlı futbolçu 2030-cu il iyunun 30-dək bu klubun formasını geyinməyə davam edəcək.
Müqavilədə “Sampdoriya”nın sözləşməni daha bir il – 2031-ci il iyunun 30-dək uzatmaq hüququ da yer alıb.
2008-ci il avqustun 16-da Monzada anadan olan Mezzoteronun atası italiyalı, anası isə azərbaycanlıdır. O, İtaliya və Azərbaycan vətəndaşlığına malikdir.
Futbola Azərbaycan və Kanadada başlamış Lorenso Mezzotero daha sonra İtaliyanın “Atalanta” klubunun akademiyasında məşq edib. 2024-cü ilin yayında İspaniyanın “Fundacion Marcet” klubundakı çıxışından sonra “Sampdoriya”ya keçən hücumçu klubun akademiyasına qoşulub.
Gənc futbolçunun akademiyada keçdiyi inkişaf yolu onun əsas komandaya yüksəlməsinə imkan verib. Mezzotero indiyədək “Sampdoriya”nın əsas komandasında 4 oyun keçirib.
O, peşəkar karyerasında ilk qolunu isə son ev oyununda “Virtus Entella”ya qarşı matçda vurub. Həmin qol gənc hücumçunun inkişafında və klubun ona göstərdiyi etimadın göstəricisi kimi qiymətləndirilib.


