Anton Krivotsyuk oynamadı, komandası “Qanqvon”u yendi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasının “Qanqvon”la matçını buraxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 36-cı turu çərçivəsində bu gün “Qanqvon”un qonağı olub.

“Daejeon Hana Sitizen” səfərə matçından inamlı qələbə ilə ayrılıb – 3:1. Zədəli olan Anton bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 36 oyuna topladığı 56 xalla 12 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Krivotsyukun komandası 36 oyunda 15 qələbə qazanıb, 11 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 24-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 122 oyuna çıxıb, 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 48 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: