Avrokubokların Liqa mərhələsinin növbəti turunun oyunlarında qeydə alınmış nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
Buna Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Sabah”ın həftəni xalsız başa vurması səbəb olub. Belə ki, Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində qarşılaşdığı İspaniya nəhəngi “Barselona”ya 1:4 hesabıyla uduzub.
Nəticədə cari mövsümdə qazanılmış ölkə əmsalı 5,625-də qalıb. Bunun 1,250-i “Qarabağ”ın, 0,625-i “Zirə”nin, 0,250-si “Neftçi”nin, qalanı isə “Sabah”ın payına düşür.
Hazırda ölkəmizin ümumi əmsal ehtiyatı 24,187-yə bərabərdir. Qitə sıralamasında 24-cü yerdə olan Azərbaycanın mövqeyi dəyişməyib. Ən yaxın izləyicimiz İsrailin ümumi qazancı 24,125-ə bərabərdir. Bizdən öndə isə Ukrayna qərarlaşıb – 24,837. Azərbaycan kimi, bu iki ölkənin əmsalında da bu həftə heç bir dəyişiklik olmayıb.
55 ölkənin yer aldığı UEFA reytinqində İngiltərə 109,708 əmsalla vahid liderdir. İtaliya (93,446) ikinci, İspaniya (87,899), Almaniya (86,259) dördüncü, Fransa (73,653) beşinci yerdə qərarlaşıb.


