Formula 1 üzrə 2021 mövsümünün növbəti – Britaniya qran-prisi keçirilib. Arena.az xəbər verir ki, çempionatın 10-cu mərhələsi “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsiylə yekunlaşıb.
“Ferrari”dən Şarl Lekler bu dəfə ikinci yeri tutub. Üçüncü yer isə “Mersedes”in digər pilotu Valtteri Bottasa qismət olub.
Son mərhələlərin qalibi, “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappen isə qəza səbəbindən bu yarışı sona çatdıra bilməyib. Bu, onun cari mövsümdəki ikinci qəzasıdır. Turnirin lideri Bakıdakı qran-pridə də oxşar aqibətlə üzləşmişdi. “Aston Martin”dən Sebastyan Fettel də yarışı sona çatdıra bilməyib.
Mövsümün geridə qalan 10 qran-prisinin yekununa əsasən, Ferstappen 185 xalla birinci, Hamilton isə 177 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 113 xala malik Lando Norris qapayır.
Konstruktorların mübarizəsində də “Red Bull” öndədir. Hazırda bu komandanın hesabında 289 xal var. İkinci pillədəki “Mercedes”in isə 285 xalı var. 163 xalı olan “Maklaren Mersedes” ilk üçlüyü qapayır.
Formula 1 üzrə mövsümün növbəti – sayca 11-ci qran-prisi Macarıstanda baş tutacaq. Sözügedən qran-pri avqustun 1-də keçiriləcək.
Pilotların yarışında ilk 10-luq:
- Maks Ferstappen (Red Bull) – 185
- Luis Hamilton (Mersedes) – 177
- Lando Norris (Maklaren) – 113
- Valtteri Bottas (Mersedes) – 108
- Serxio Peres (Red Bull) – 104
- Şarl Lekler (Ferrari) – 80
- Karlos Sayns (Ferrari) – 68
- Daniel Rikkardo (Maklaren) – 50
- Pyer Qasli (Alfa Tauri) – 39
- Sebastyan Fettel (Aston Martin-Mersedes) – 30
Konstruktorların xal sıralaması:
- Red Bull Rasinq-Honda – 289
- Mersedes – 285
- Maklaren-Mersedes – 163
- Ferrari – 148
- Alfa Tauri-Honda – 49
- Aston Martin-Mersedes – 48
- Alpine-Reno – 40
- Alfa Romeo-Ferrari – 2
- Uilyams-Mersedes – 0
- Haas-Ferrari – 0


