Tokio-2020: Azərbaycan üzgücülərindən uğursuz çıxış

Tokio-2020 Yay Olimpiya Oyunlarında üzgüçülük idman növü üzrə mübarizəyə start verilib. Arena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah da qüvvəsini sınayıb.

Tokio Su İdmanı Mərkəzinin ev sahibliyi etdiyi yarış Şemberev üçün uğursuz alınıb. 27 yaşlı üzgüçümüz qarışıq üsulla 400 m məsafəni qət etməyə çalışıb. Maksim ikinci təsnifat qrupunu sonuncu – 8-ci sırada tamamlayıb (4 dəqiqə 19.40).

Qeyd edək ki, qrupundan asılı olmayaraq, ən yaxşı 8 göstəriciyə malik üzgüçülər final mərhələsinə vəsiqə əldə ediblər. Bu mənada Maksimin göstəricisi (4:19.40) yetərli olmayıb.

Məryəm Şeyxəlizadəxangah isə qadınların batterflay üsulla 100 m məsafəyə yarışında təsnifatı keçməyə çalışıb. O, 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib. Bu nəticə ilə ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yekunda 30-cu olub və yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.

Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah idi.

Bu gün start götürmüş Tokio-2020 avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: