Tokio-2020 Yay Olimpiya Oyunlarında gimnastika yarışları davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən daha bir gimnastımız mübarizəyə qoşulub.
İdman gimnastı Marina Nekrasova fərdi çoxnövçülükdə müxtəlif hündürlüklü qollarda 10.833 xal toplayıb.
Nekrasova dayaqla tullanmada 13.133 bal, gimnastika tirində 12.666 xala layiq görülüb. O, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 xal yığıb.
26 yaşlı idmançı fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Halbuki finala yüksəlmək üçün ən güclü 24 idmançı sırasına düşmək lazım idi.
Nekrasova ayrı-ayrı hərəkətlərdə də ilk “8-liy”ə düşmədiyi üçün finala çıxmağı bacarmayıb.
Daha əvvəl idman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutmuşdu. O da fərdi çoxnövçülükdə “24-lüy”ə, fərdi hərəkətlərdə isə “8-liy”ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalmışdı. Beləliklə, Tokio-2020-yə yollanan Azərbaycanın hər iki idman gimnastı mübarizəni dayandırıb.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


