Tokio-2020 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarına start verilib. Arena.az xəbər verir ki, Azərbaycanı Olimpiadada təmsil edən iki taekvondoçu da mübarizəyə qoşulub.
Qadın taekvondoçumuz, bu Yay Olimpiya Oyunlarının açılış mərasimindəki bayraqdarlarımızdan olan Fəridə Əzizova 1/8 final mərhələsində ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız elə startdaca 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb – 3:3. Beləcə, Fəridə Olimpiada ilə erkən vidalaşmalı olub.
Digər taekvondoçumuz – Milad Beigi Hərçəqani Olimpiadaya qələbə ilə başlayıb. 80 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 finalda Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib. Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbəyə sevinib.
Hərçəqani 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) üz-üzə gəlib. O, bu rəqibinə 1:12 hesabı ilə uduzub. Nəticədə, Tokiodakı daha bir medal ümidimizin çıxışı uğursuz bitib.
Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.


