Formula 1: Macarıstan qran-prisinin qalibi bəlli oldu

Formula 1 üzrə 2021 mövsümünün növbəti – Macarıstan qran-prisi keçirilib. Arena.az xəbər verir ki, çempionatın 11-ci mərhələsi “Alpine-Reno”nun pilotu Esteban Okonun qələbəsiylə yekunlaşıb.

“Aston Martin-Mersedes”dən Sebastyan Fettel ikinci yeri tutub. Lakin Beynəlxalq Avtomobil İdmanı Federasiyasının texniki komissarı finişdən sonra onun avtomobilindən yanacaq nümunəsi götürə bilməyib. Qaydalara görə, yanacaq nümunəsi bir litr təşkil etməlidir. Komissarlar isə cəmi 300 millilitr nümunə götürə biliblər. Nəticədə Fettel ikinci pillədən məhrum edilib və nəticəsi ləğv olunub.

Bu üzdən üçüncü yeri tutan “Mersedes”in pilotu Luis Hamilton ikinci yerə layiq görülüb. Üçüncülük isə “Ferrari”dən Kaylos Saynsa verilib.

Macarıstan qran-prisi kütləvi qəza ilə də yaddaqalan olub. Yarışın startındakı insidentə “Mercedes”in pilotu Valtteri Bottas səbəbkar olub. O, mübarizəyə ləngidikdən sonra əyləci gec basıb və “Maklaren”in pilotu Lando Norrisin bolidinə çırpılıb. Bunun ardından Norrisin avtomobili Maks Ferstappenin idarə etdiyi “Red Bull”a dəyərək onu kənara atıb.

Bottasın öz bolidi isə Serxio Peresin avtomobilinə tərəf uçub. Bu qrupdan bir qədər aralıda gələn Lens Stroll da sürəti azalda bilməyib. Onun “Aston Martin”i Şarl Leklerə məxsus “Ferrari”yə dəyib.

Mövsümün geridə qalan 11 qran-prisinin yekununa əsasən, Luis Hamilton 195 xalla birinci pilləyə yüksəlib. Maks Ferstappen 187 xalla ikincidir. İlk üçlüyü 113 xala malik Lando Norris qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 303 xal var. İkinci pillədəki “Red Bull Rasinq-Honda”nın isə 291 xalı var. 163 xalı olan “Ferrari” ilə “Maklaren Mersedes” isə üçüncü pilləni bölüşürlər.

Formula 1 üzrə mövsümün növbəti – sayca 12-ci qran-prisi Belçikada baş tutacaq. Sözügedən qran-pri avqustun 29-da keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Luis Hamilton (Mersedes) – 195
  2. Maks Ferstappen (Red Bull) – 187
  3. Lando Norris (Maklaren) – 113
  4. Valtteri Bottas (Mersedes) – 108
  5. Serxio Peres (Red Bull) – 104
  6. Karlos Sayns (Ferrari) – 83
  7. Şarl Lekler (Ferrari) – 80
  8. Pyer Qasli (Alfa Tauri) – 50
  9. Daniel Rikkardo (Maklaren) – 50
  10. Esteban Okon (Alpine-Reno) – 39

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 303
  2. Red Bull Rasinq-Honda – 291
  3. Ferrari – 163
  4. Maklaren-Mersedes – 163
  5. Alpine-Reno – 77
  6. Alfa Tauri-Honda – 68
  7. Aston Martin-Mersedes – 48
  8. Uilyams-Mersedes – 10
  9. Alfa Romeo-Ferrari – 3
  10. Haas-Ferrari – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: