Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb. Arena.az xəbər verir ki, “Qaziantep”in hücumçusu Məhəmməd Dəmir Super Liqa tarixinin ən erkən qoluna imza atıb.
29 yaşlı forvard bunu 5-ci tur çərçivəsində baş tutan “Başakşəhər”lə ev oyununda rəsmiləşdirib. O, bu görüşün 9-cu saniyəsində rəqib qapısına yol tapıb.
Əvvəlki rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008-ci ildə “Əskişəhəspor”la matçın (3:4) 12-ci saniyəsində fərqlənmişdi.
“Qaziantep” “Başakşəhər”lə oyunda məhz bu tarixi qol sayəsində 1:0 hesablı qələbəyə sevinib. 2019-cu ildən “Qaziantep”in uğurları üçün çalışan Məhəmməd Dəmir, karyerası ərzində “Bursaspor”, “Trabzonspor” və “Sivasspor”da da oynayıb.


