İspaniyanın “Barselona” klubu hücumçusu Ansu Fati ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu ilə 6 illik yeni sözləşmə imzalanıb. Kataloniya təmsilçisi gənc forvardın yeni təzminat məbləğinin isə 1 milyard avro olduğunu açıqlayıb.
Ansu Fati 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir. O, bu komandada debüt edəndə cəmi 16 yaşı var idi və həmin dövrdən bəri müxtəlif rekordlara imza atmaqdadır.
Qvineya Bisaudan olsa da, İspaniya yığmasında oynamağa qərar verən Fati, “Barselona”da debüt edəndə 16 yaş 298 günlüyündə olub. Kataloniya təmsilçisində yalnız Visente Martines Ansudan daha gənc yaşda rəsmi matça çıxıb – 16 yaş, 9 ay, 7 günlüyündə. Rəsmi debütdən cəmi bir həftə sonra Ansu “Barselona”da ilk qolunu da vurub. “Osasuna” ilə görüşdə fərqlənən Fati, La Liqada bu komandanın heyətində fərqlənmiş ən gənc futbolçu kimi tarixə düşüb. Fati “Valensiya” ilə oyunda ilk dəqiqələrdən meydana çıxmaqla “Barselona”nın start heyətində meydana buraxılan ən gənc futbolçu ünvanına da sahib çıxıb. Həmin oyunda gənc ulduz həm qol, həm də məhsuldar ötürmə müəllifi olmaqla da ilkə imza atır – La Liqa matçında azı bir qol və bir məhsuldar ötürmə müəllifi olan ən gənc oyunçu.
Fati Çempionlar Liqasında da “Barselona” adına bir neçə ilk imza atıb. ÇL-də oynamış ən gənc (16 yaş, 321 günlük) futbolçu adına o, Dortmund “Borussiya”sı ilə görüşdə nail olub. Milan “İnter”i ilə səfər matçında isə 17 yaş 40 günlüyündə qol vurmaqla Ansu ÇL-in də tarixinə düşüb.
Gənc hücumçu 2020-ci ilin noyabrından bəri zədəli idi. O, yenicə zədədən dönüb və tədricən əvvəlki formasını bərpa etməsi gözlənilir. Fati “Barselona”nın əsas komandasında bütövlükdə 47 matça çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


