Formula 1: Meksikada da Maks Ferstappen qalib oldu

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Meksika qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 18-ci mərhələsi “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb.

Niderlanddan olan pilot paytaxt Mexikodakı “Hermanos Rodriqes” avtodromunda keçirilən 71 dövrəlik yarışda 1:38:39.086 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdəki 9-cu, karyerasındakı 19-cu belə zəfərdir.

“Mersedes”in pilotu Luis Hamilton bu dəfə də ikinci yerlə kifayətlənib. “Red Bull”un digər pilotu, Ferstappenin komanda yoldaşı Serxio Peres bu dəfə də üçüncü yeri tutub.

Mövsümün geridə qalan 18 qran-prisinin yekununa əsasən, Maks Ferstappen turnir cədvəlində 312.5 xalla zirvədə qərarlaşıb. Luis Hamilton 293.5 xalla ikincidir. İlk üçlüyü 185 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 478.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 477.5 xalı var. 268.5 xalı olan “Ferrari” isə üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2021 mövsümünün növbəti – sayca 19-cu qran-prisi Braziliyada baş tutacaq. Sözügedən qran-pri noyabrın 14-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 312.5
  2. Luis Hamilton (Mersedes) – 293.5
  3. Valtteri Bottas (Mersedes) – 185
  4. Serxio Peres (Red Bull) – 165
  5. Lando Norris (Maklaren) – 150
  6. Şarl Lekler (Ferrari) – 1238
  7. Karlos Sayns (Ferrari) – 130.5
  8. Daniel Rikkardo (Maklaren) – 105
  9. Pyer Qasli (Alfa Tauri) – 86
  10. Fernando Alonso (Alpine-Reno) – 60

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 478.5
  2. Red Bull – 477.5
  3. Ferrari – 268.5
  4. Maklaren-Mersedes – 255
  5. Alpine-Reno – 106
  6. Alfa Tauri-Honda – 106
  7. Aston Martin – 68
  8. Uilyams – 23
  9. Alfa Romeo – 11
  10. Haas-Ferrari – 0