Formula 1: Braziliya qran-prisinin qalibi bəlli oldu – 101-ci zəfər!

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Braziliya qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 19-cu mərhələsi “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsiylə yekunlaşıb.

Britaniyalı pilot San Paulodakı “İnterlaqos” avtodromunda keçirilən 71 dövrəlik yarışda 1:32:22.851 göstərici ilə birinci olub. O, yürüşə 10-cu mövqedən başlasa da, tezliklə 2-ci, finişə doğru isə 1-ci yerə çıxıb. Bu, onun cari mövsümdəki 6-cı, karyerasındakı 101-ci belə zəfərdir.

Bu yürüşdə liderliyi 59-cu dövrədə əldən verən “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen sonda ikinci yerlə kifayətlənib. İlk “3-lüy”ü isə Hamiltonun komanda yoldaşı Valtteri Bottas qapayıb.

Mövsümün geridə qalan 19 qran-prisinin yekununa əsasən, Maks Ferstappen turnir cədvəlində 332.5 xalla zirvədə qərarlaşıb. Luis Hamilton 318.5 xalla ikincidir. İlk üçlüyü 203 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 521.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 510.5 xalı var. 287.5 xalı olan “Ferrari” də üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2021 mövsümünün növbəti – sayca 20-ci qran-prisi Qətərdə baş tutacaq. Sözügedən qran-pri noyabrın 21-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 332.5
  2. Luis Hamilton (Mersedes) – 318.5
  3. Valtteri Bottas (Mersedes) – 203
  4. Serxio Peres (Red Bull) – 178
  5. Lando Norris (Maklaren) – 151
  6. Şarl Lekler (Ferrari) – 148
  7. Karlos Sayns (Ferrari) – 139.5
  8. Daniel Rikkardo (Maklaren) – 105
  9. Pyer Qasli (Alfa Tauri) – 92
  10. Fernando Alonso (Alpine-Reno) – 62

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 521.5
  2. Red Bull – 510.5
  3. Ferrari – 287.5
  4. Maklaren-Mersedes – 256
  5. Alpine-Reno – 112
  6. Alfa Tauri-Honda – 112
  7. Aston Martin – 68
  8. Uilyams – 23
  9. Alfa Romeo – 11
  10. Haas-Ferrari – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: