Dekabrın 15-də Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.
Konfransda həmçinin, İsmət Əliyev və Zemfira Meftahəddinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkür edib. O, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
Vilayət Eyvazov kimdir?
Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Ailəlidir, üç övladı var.
Eyvazov 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Eyvazov Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru təyin olubub. O, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini təyin edilib. 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunub.
2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi alıb.
Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilib. O, məhz həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.


