Kəmaləddin Heydərov yenə Taekvondo Federasiyasının prezidenti seçildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirə Dövlət Himnimizin səsləndirilməsi ilə start verilib.

Əvvəlcə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Sonra ATF-nin son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib. Ardından federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Kəmaləddin Heydərov yenidən qurumun prezidenti seçilib.

Konfransda Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək. Konfransda ATF İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransda ATF prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib. Lakin o, vaxt məhdudiyyətinə görə mətbuat konfransına qatıla bilməyib. Bu barədə jurnalistlərə federasiyanın vitse-prezidenti Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, Heydərov növbəti 5 ildə də quruma rəhbərlik edəcək. Taekvondoda idmançılara hər zaman diqqət və qayğının olduğunu vurğulayan federasiya rəsmisi bu səbəbdən, Heydərova yenidən etimad göstərildiyini əlavə edib. Onun sözlərinə görə, toplantıda nizamnaməyə dəyişikliklər də təsdiqlənib:

“Uzun müddətdir ölkəmizdə dünya çempionatı keçirmək istəyirdik. Növbəti mötəbər yarışlardan birini Azərbaycanda təşkil etməyi planlşdırırıq. Titullu taekvondoçu Radik İsayev Azərbaycan yığmasında karyerasını davam etdirəcək. Müntəzəm olaraq, taekvondoçularla maraqlanır, problemlərini həll edirik. Hər idmançı karyerasında uğur qazanmaq istəyir. Radik İsayev Tokio olimpiadasında uğursuz çıxış etdikdən sonra bu fikrə düşmüşdü. Karyerasını davam etdirəcək. Yekun qərarını 2022-ci il dünya çempionatından sonra verəcək”.

Vitse-prezident taekvondoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazana bilməmələrinin səbəblərinə də toxunub: “Olimpiadadakı uğursuzluqda baş məşqçidən sonra zamanın günahı oldu. Çünki onlar pandemiya şəraitində çıxış etdilər. Baş məşqçi Reza Mehmandust planın cəmi 15 faizini yerinə yetirə bilmişdi. Bunları nəzərə alaraq, qərar verdik ki, növbəti olimpiadayadək onunla davam edək”.

Xəbəri sosial şəbəkələrdə paylaş: