Bu gün – fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının ümumi yığıncağı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Azərbaycan Ağır Atletika Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, federasiya üzvlərindən bəziləri hesabatla bağlı irad və təkliflərini bildiriblər. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib.
Yığıncaqda həmçinin Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev İdarə Heyətinə üzv seçiliblər.
Yığıncaqda Federasiyanın prezidenti İnam Kərimov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
“Bu, böyük etimaddır”
Tədbir bitəndən sonra İnam Kərimov mətbuat konfransında iştirak edib, KİV-i maraqlandıran sualları cavablandırıb. O, əvvəlcə təyinatından danışıb: “Bu vəzifəyə seçildiyim üçün üzvlərə təşəkkür edirəm. Bu, böyük etimaddır. Ağırlıqqaldırma önəmli idman növlərindən biridir. Bu, Prezident İlham Əliyevin diqqətində olan idman növüdür. Ölkəmiz bütün beynəlxalq yarışlarda layiqincə təmsil edilib. SSRİ dövründə və müstəqillik vaxtı böyük ənənələrimiz olub. Dövlətimiz ağırlıqqaldırmaya böyük dəstək verir. Xalqımız da bu idman növünə böyük rəğbət bəsləyir. Bu sahədə çempionlarımızın olmasını gözləyirik”.
Kərimov federasiyanın toplantısında müzakirə olunan məsələlərə də toxunub: “Bugünkü iclasda əldə edilmiş uğurlar dinlənildi və çətinliklərdən bəhs edildi. Razılığımız ondan ibarət oldu ki, bu məsələləri daha yaxından təhlil etməli və qarşımıza qoyduğumuzun hədəfləri müəyyənləşdirməliyik”.
Kərimovun sözlərinə görə, ağırlıqqaldırmanın üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir. O bildirib ki, belə halların üzə çıxması səbəbindən yığma komanda beynəlxalq yarışların bəzilərindən kənarda qalıb: “Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və olimpiadada uğurla çıxış etməsini istəyirik”.
Federasiya rəhbəri bütün dünyanın dopinqə qarşı mübarizə aparmasının vacibliyini vurğulayıb: “İdmançılarla birlikdə iş aparmalı və onları maarifləndirməliyik. Əsas birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzun müddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır”.
Kərimov yeni nəsil idmançıların yetişməsini ən böyük priotetlərdən biri adlandırıb: “Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb”.
Sonda onu da xatırladaq ki, İnam Kərimov yeni vəzifədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.


