“Formula 1” Rusiya ilə müqaviləni ləğv etdi

Formula 1 üzrə dünya çempionatının Rusiyada keçirilməli olan bütün qran-priləri ləğv olunub. Arena.az xəbər verir ki, bu barədə “Formula 1” şirkətinin yaydığı rəsmi açıqlamada bildirilir.

Beynəlxalq Avtomobil Federasiyası və komandalarla birgə müzakirələr aparıb. Müzakirələr nəticəsində hazırkı şəraitdə Rusiya qran-prisinin keçirilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlinib. Nəticədə Rusiya ilə müqaviləyə ümumiyyətlə xitam verilib. Bu isə o deməkdir ki, bundan sonra Rusiyada heç bir qran-pri keçirilməyəcək.

Xatırladaq ki, Formula 1-in təşkilatçıları bir neçə gün öncə yalnız bu il keçirilməli olan Rusiya qran-prisinin ləğv olunduğunu açıqlamışdı. Sözügedən qran-pri 23-25 sentyabrda Soçidə təşkil olunmalı idi. Lakin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması bu ölkəyə qarşı müxtəlif sanksiyalara gətirib çıxarıb. Demək olar ki, bütün idman növləri üzrə Rusiya yığmaları və klubları yarışlardan təcrid olunur. Eyni zamanda bu ölkədə keçirilməli olan turnirlər də ləğv olunur.

Xatırladaq ki, “Formula 1” ilə Rusiya arasındakı müqavilə 2025-ci ilədək nəzərdə tutulmuşdu. Rusiya qran-prisi 2014-cü ildən Soçidə təşkil olunmağa başlayıb. Yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.

Xəbəri paylaş: