Formula 1 üzrə 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, dünya çempionatının ikinci mərhələsi Səudiyyə Ərəbistanında baş tutub.
Ciddə şəhərindəki Kornişe avtodromunda keçirilən qran-pri “Red Bul”un pilotu, son dünya çempionu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı pilot 50 dövrəlik yarışda 1:24:19.293 göstərici ilə birinci olub.
Bəhreyndə baş tutan mövsümün ilk qran-prisinin qalibi olmuş “Ferrari”nin pilotu Şarl Lekler Ciddədə ikinci olub. Leklerin komanda yoldaşı Karlos Sayns isə üçüncü yeri tutub.
Ötən gün sıralama yarışında divara çırpılaraq ciddi qəza keçirən “Haas” pilotu Mik Şumaxer müayinələrlə əlaqədar xəstəxanaya aparıldığı üçün bugünkü yarışda iştirak edə bilməyib. Onunla yanaşı, “Alfa Tauri”nin pilotu Yuki Tsunoda da bu yarışa başlamaqdan imtina edib. “Uilyams”ın İran əsıllı kanadalı pilotu Nikolas Latifi 14-cü dövrədə qəzaya uğrayaraq mübarizəni erkən dayandırıb. Daniel Rikkardo və Fernando Alonso kimi təcrübəli pilotlar 35-ci dövrədə mübarizəni dayandırmaq məcburiyyətində qalıbs, Valtteri Bottas da 36-cı dövrədə yarışdan kənarda qalıb.
İki turdan sonra Şarl Lekler 45 xalla birinci, Karlos Sayns 33 xalla ikinci, Maks Ferstappen 25 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində “Ferrari” 78 xalla birincidir. “Mersedes” 38 xalla ikinci, “Red Bull” 37 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Avstraliyada keçiriləcək. Sözügedən yarış aprelin 10-da baş tutacaq.
Xal sıralaması
Pilotların yarışında turnir cədvəli:
- Şarl Lekler (Ferrari) – 45
- Karlos Sayns (Ferrari) – 33
- Maks Ferstappen (Red Bull) – 25
- Corc Rassell (Mersedes) – 22
- Luis Hamilton (Mersedes) – 16
- Esteban Okon (Alpine-Reno) – 14
- Serxio Peres (Red Bull) – 12
- Kevin Maqnussen (Haas) – 12
- Valtteri Bottas (Alfa Romeo) – 8
- Lando Norris (Maklaren) – 6
- Yuki Tsunoda (Alfa Tauri) – 4
- Pyer Qasli (Alfa Tauri) – 4
- Fernando Alonso (Alpine-Reno) – 2
- Jou Quanyu (Alfa Romeo) – 1
- Mik Şumaxer (Haas) – 0
- Lens Stroll (Aston Martin) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
- Aleksander Albon (Uilyams) – 0
- Daniel Rikardo (Maklaren) – 0
- Nikolas Latifi (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Ferrari – 78
- Mersedes – 38
- Red Bull – 37
- Alpine-Reno – 16
- Haas – 12
- Alfa Romeo – 9
- Alfa Tauri – 8
- Maklaren – 6
- Aston Martin – 0
- Uilyams – 0


