Ağır atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

Bu gün kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. Arena.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən yarışda körpücük üzərinə əvvəlcə zərif cinsin nümayəndələri çıxıblar. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 187 kq (83+104) çəkinin öhdəsindən gələn Anastasiya Moum 231.80 Sinkleyr xalı ilə qızıl medala layiq görülüb. Toplam 137 kq (61+76) nəticə və 230.06 xalla Nazilə İsmayılova ikinci, toplam 175 kq (75+100) nəticə və 214.20 xalla Elnarə Abbasova üçüncü pillədə qərarlaşıblar.

İlk gündə daha üç çəki dərəcəsində qaliblər bəlli oldu

Qadınların yarışı tamamlandıqdan sonra ağır atletika üzrə Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov yarış iştirakçılarına uğur arzulayıblar.


Daha sonra qadınlar arasında yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib. Qadınlar arasında Azərbaycan çempionatının qaliblərinə medal, diplom və hədiyyələr təqdim olunub. Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.
Daha sonra xatirə şəkilləri çəkilib.

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 179 kq (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Toplam 167 kq (80+97) nəticə ilə Dəniz Cabbarlı ikinci, toplam 165 kq (80+85) nəticə ilə Ramiz Kərimov üçüncü pillədə qərarlaşıblar.

Çəkisi 61 kq-a qədər olan idmançılar da qaliblərin adına aydınlıq gətiriblər. Toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. Toplam 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, toplam 222 kq (97+125) nəticə ilə Qasım İsmayılov üçüncü yeri tutublar.

Kişilər arasında bu gün körpücük üzərinə son olaraq çəkisi 67 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 270 kq (125+145) çəkinin öhdəsindən gələn İsa Rüstəmov qızıl medala sahib çıxıb. Toplam 260 kq (115+145) nəticə ilə Ravin Alməmmədov ikinci, toplam 223 kq (100+123) nəticə ilə Rəhim Kazımov üçüncü yeri tutublar.

Ağır atletika üzrə Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: