Frank Kessye “Milan”dan ayrıldı – “Barselona”ya görə

Milan”ın yarımmüdafiəçisi Frank Kessye İtaliya klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Geridə qalan mövsümdə Milan klubu ilə İtaliya çempionluğu yaşayan futbolçu hər kəslə vidalaşıb:

“Bu möhtəşəm təcrübənin bənzərsiz bir duyğu ilə və mümkün olan ən yaxşı şəkildə başa çatacağını gözləmirdim. İtaliya çempionuyuq! Bu formanı geyinməkdən və bu yolda möhtəşəm komanda yoldaşlarımla birlikdə olmaqdan qürur duyuram. Hər şey üçün və hər kəsə təşəkkürlər!”

Kessyenin “Milan”la müqaviləsinin müddəti iyunun 30-na qədərdir. O, klubla yeni sözləşmə imzalamayıb. Məsələ burasındadır ki, Fil Dişi Sahili yığmasının üzvü azad agent kimi İspaniyanın “Barselona” klubuna keçməyə hazırlaşır.

Frank Kessye 2017-ci ilin yayından “Milan”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsümdə 222 oyuna çıxıb, 38 qol vurub. 25 yaşlı futbolçu daha öncə “Stella” və “Atalanta” klublarının da formasını geyinib. Ölkəsinin yığmasında 58 matça çıxan yarımmüdafiəçi, 6 qolla yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: