Futbol üzrə Avstriya millisinin və Almaniyanın “Ayntraxt” klubunun müdafiəçisi Martin Hinteregger 29 yaşında karyerasını bitirmək qərarına gəlib. Arena.az xəbər verir ki, o, bu barədə qərarını Frankfurt klubunun rəsmi saytına açıqlayıb.
Hinteregger geridə qalan mövsümdə “Ayntraxt”la Avropa Liqasının qalibi olub. O, məhz belə bir zəfərdən sonra karyerasını bitirməyə qərar verdiyini bildirib.
Xatırladaq ki, Martin Hinteregger 2019-cu ilin yanvarından “Ayntraxt”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində bütövlükdə 138 oyuna çıxıb. Müdafiəçi bu görüşlərdə 14 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Avstriyalı futbolçu daha öncə “Zalsburq”, “Borussiya” (Mönhenqladbax) və “Auqsburq”un da formasını geyinib. O, Avstriya yığmasının heyətində meydana çıxdığı 67 oyunda 4 qolla yadda qalıb.


