“Fatih Karagümrük” italiyalı futbolçu ilə gücləndi

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Frozinone” klubundan hücumameylli yarımmüdafiəçi Matteo Riççini, eləcə də Niderlandın “Fortuna” (Sittard) komandasından yarımmüdafiəçi Fatih Kurnazı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Birdəfəlik transfer olunmuş Fatih Kurnazla müqavilənin müddəti açıqlanmayıb. Matteo Riççi isə 2022/23 mövsümünün sonunadək icarəyə götürülüb.

Matteo Riççi “Roma”nın yetirməsidir. O, paytaxt klubunda olarkən “Qrosseto”, “Karpi”, “Pistoyese”, “Piza”, “Peruca”, “Salernitana” kimi klublara icarəyə verilib. “Canavarlar”ın əsas komandasına yüksələ bilməyən yarımmüdafiəçi 2018-ci ildə “Spetsiya”ya satılıb. Futbolçu 2021-ci ildən “Frozinone”də çıxış edirdi. 28 yaşlı oyunçu İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Niderlandda dünyaya göz açan Fatih Kurnaz isə “Fortuna”nın öz yetirməsidir. 20 yaşlı futbolçunun Türkiyə vətəndaşlığı da var.

“Fatih Karagümrük” ötən mövsüm Almaniyanın “Şalke” klubundan icarəyə götürdüyü Levent Mercanın transfer hüquqlarını aldığını da açıqlayıb. “Şalke”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi bu klubun əsas komandasında da bir neçə oyuna çıxıb. O, Almaniyanın U-19 və U-20 yığmalarında da forma geyinib.

Sloveniya yığmasının sol cinah müdafiəçisi Yure Balkoveç isə “Fatih Karagümrük”dən ayrılıb. 27 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Alanyaspor”a keçib. O, yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Balkoveç 2020-ci ildən İstanbul klubunda çıxış edirdi. O, daha öncə “Bela Krajina”, “Domjale”, “Krka”, “Radomlye”, “Bari”, “Verona” və “Empoli”də də forma geyinib. Müdafiəçi Sloveniya yığmasında 24 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: