Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
Türkiyə təmsilçisi “Fənərbaxça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
HJK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə oyundan məğlub ayrılıb. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə görüşdən heç-heçə ilə ayrılıb.
“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivini sınağa çəkib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.
Nəhayət, günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”un qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb.
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 26-27-də keçiriləcək. “Qarabağ” bu mərhələdəki rəqibi olan İsveçrə “Sürix”i ilə cavab matçına iyulun 27-də çıxacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda Azərbaycan çempionu 3:2 hesablı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
20 iyul
HJK (Finlandiya) – Viktoriya (Plzen, Çexiya) 1:2
Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan) 1:1
Ferentsvaroş (Macarıstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə) 0:0
Maribor (Sloveniya) – Şerif (Moldova) 0:0


