İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan Zuhair Feddalı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mərakeşdən olan İspaniya pasportuna da malik 32 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib. Müdafiəçi 1+1 illik müqaviləyə imza atıb.
Zuhair Feddal 2020-ci ilin avqustundan “Sportinq”də çıxış edirdi. O, Lissabon təmsilçisindən öncə “Vilajuiqa”, “Terrassa”, “Teruel”, “San Roke”, “Espanyol”, “FUS Rabat”, “Syena”, “Palermo”, “Levante”, “Alaves” və “Betis”in də formasını geyinib. Müdafiəçi Mərakeş yığmasında 22 oyuna çıxıb, 1 qol vurub.
“Valyadolid” “Qranada”dan Serxio Eskudero və Monçunu da heyətinə cəlb edib. Azad agent kimi gələn Eskudero ilə 2 illik müqavilə imzalanıb. Monçuya görə isə 1.2 milyon avro təzminat ödənilib. İspaniyalı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Serxio Eskudero sol cinah müdafiəçisidir. 32 yaşlı futbolçu ötən mövsümün əvvəlindən oynadığı “Qranada”da 27 oyuna çıxıb, 2 qol vurub. O, əvvəllər “Mursiya”, “Şalke”, “Xetafe” və “Sevilya”da da oynayıb.
Monçu da 2021-ci ildən “Qranada”da idi. “Barselona”nın yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi “Jirona”da da forma geyinib. O, ötən mövsümün ikinci hissəsini də məhz “Valyadolid”də icarədə keçirmişdi. İspan futbolçu bu komandada 11 oyuna 1 qol vurmuşdu.
3.6 milyona 3 futbolçu
La Liqa klubu İngiltərə “Birmingem”indən İvan Sançesi, “Levante”dən Mikael Malsanı, “Sportinq”dən Qonsalo Platanı da transfer edib. Sançesə görə 100 min, Malsaya görə 500 min, Plataya görə isə 3 milyon avro ödənilib. Bu futbolçular yeni klubları ilə müvafiq olaraq 2, 4 və 5 illik müqaviləyə imza atıblar.
İvan Sançes 2020-ci ildən “Birmingem”də çıxış edirdi. O, ötən mövsümün ikinci dövrəsini də “Valyadolid”də icarədə keçirmişdi. İspaniyadan olan 29 yaşl vinger daha öncə “Elçe”, “Albasete”, “Almeriya” kimi klubların da formasını geyinib.
Mikael Malsa 2020-ci ildən “Levante”də oynayırdı. Fransada dünyaya göz açmış 26 yaşlı futbolçu daha öncə “Soşo”, “Antverpen”, “Fortuna Sittard”, “Platanias”, “Albasete” və “Mirandes”də də çıxış edib.
Qonsalo Plata 2019-cu ildən “Sportinq”dəydi. Ekvadorlu vinger də 2021/22 mövsümünü icarə əsasında “Valyadolid”də keçirib. O, bu komandada 30 oyuna 6 qolla yadda qalıb. 21 yaşlı futbolçu daha öncə ölkəsində “İndependyente del Valye”də də oynayıb. Yarımmüdafiəçi Ekvador yığmasında 28 oyuna çıxıb, 5 qol vurub.
“Valyadolid” 36 yaşlı qapıçısı Roberto Ximenes, 34 yaşlı müdafiəçisi Kiko Olivas, 33 yaşlı müdafiəçisi Naço Martines, 28 yaşlı qapıçısı Xose Antonio Karo, 25 yaşlı müdafiəçisi Dieqo Alende, 23 yaşlı hücumçusu Serxio Benito, 29 yaşlı vingeri Pablo Herviasla yollarını ayrıb.
25 yaşlı yarımmüdafiəçi Fede San Emeterio, 25 yaşlı yarımmüdafiəçi Viktor Qarsiya, 27 yaşlı yarımmüdafiəçi Valdo Rubio, ilə yollar ayrılıb.
Raul Karnero (33 yaşlı müdafiəçi) “Deportivo”ya, Saidi Yanko “Bohum”a (26 yaş, müdafiəçi), Paulo Vitor (23 yaş, vinger)“Rio Ave”yə icarəyə verilib.


