UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verildi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutub.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi”ni sınağa çəkib. Azərbaycanlı futbolçunun sonadək ehtiyatda qaldığı matçda komandası güclü rəqibini 1:0 hesabıyla məğlub etməyi bacarıb. Qrupun digər matçında “Zalsburq”un qonağı olan “Milan” bu oyunda 1 xalla kifayətlənib.

F qrupunda turnirin son qalibi İspaniya “Real”ı Şotlandiyada “Seltik”lə qarşılaşıb. Madrid klubu bu matçda darmadağına sevinib. Donetsk “Şaxtyor”u isə Almaniyada yerli “Leypsiq”i böyük hesabla məğlub edib.

G qrupunda İngiltərənin “Mançester Siti” komandası İspaniyada “Sevilya”nın qonağı olub. “Şəhərlilər” 4 cavabsız qola seviniblər. Dortmund “Borussiya”sı da “Kopenhagen”i 3 cavabsız qolla yenib.

Gecənin maraqla gözlənilən daha bir oyunu Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutub. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbə qazanıblar. “Benfika” da Portuqaliyada Hayfa “Makkabi”sini 2 cavabsız qolla yenib.

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun qalan 8 matçı sentyabrın 7-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr

E qrupu

Dinamo (Zaqreb, Xorvatiya) – Çelsi (İngiltərə) 1:0
Qol: Orşiç, 13.

Zalsburq (Avstriya) – Milan (İtaliya) 1:1
Qol: Okafor, 28 – Salemakers, 40.

F qrupu

Leypsiq (Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:4
Qol: Simakan, 57 – Şved, 16; 58. Mudrik, 76. Traore, 85.

Seltik (Şotlandiya) – Real (İspaniya) 0:3
Qol: V.Junior, 56. Modriç, 60. Hazard, 77.

G qrupu

Borussiya (Dortmund, Almaniya) – Kopenhagen (Danimarka) 3:0
Qol: Roys, 35. Gerreyro, 42. Bellingem, 83.

Sevilya (İspaniya) – Mançester Siti (İngiltərə) 0:4
Qol: Haland, 20; 67. Foden, 58. R.Dias, 90+2.

H qrupu

PSJ (Fransa) – Yuventus (İtaliya) 2:1
Qol: Mbappe, 5; 22 – Makkenni, 53.

Benfika (Portuqaliya) – Makkabi (Hayfa, İsrail) 2:0
Qol: R.Silva, 50. Qrimaldo, 54.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: